Paşinyan ötən günlərdə Ermənistan Ədliyyə Nazirliyində verdiyi bəyanatları xatırladıb və bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh mümkündür, Ermənistan və Azərbaycanın bir-birlərinə heç bir ərazi tələbləri yoxdur və gələcəkdə belə tələblər irəli sürməmək barədə qarşılıqlı öhdəlik götürürlər. Görünür, Nikol Paşinyan öhdəlik götürmək deyəndə Ermənistan konstitusiyası ilə bağlı dediklərini, daha dəqiq desək, Ermənistan üçün yeni konstitusiyaya ehtiyac olduğunu nəzərdə tutur. Şübhə yoxdur ki, burada əsas problem “Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilən hazırkı konstitusiyanın preambulası”dır.
Xüsusilə, bu mənada bəlkə də “Ermənistanın Müstəqillik Bəyannaməsi”nin preambulası problem kimi nəzərdən keçirilir. Həmin preambulada sadalanıb: “Ermənistan SSR Ali Soveti erməni xalqının vahid iradəsini ifadə edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərindən və beynəlxalq hüququn məşhur normalarından çıxış edərək, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına əsaslanaraq, 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi ictimai quruluşun yaradılması məsələsini qarşıya qoyaraq...”.
Əslində, Nikol Paşinyan birbaşa demir, lakin kifayət qədər şəffaf şəkildə bildirir ki, Azərbaycan gələcək üçün zəmanət kimi Ermənistandan məhz həmin preambuladan imtinanı tələb edir. Üstəlik, əminliklə qeyd etmək olar ki, bu, təkcə Azərbaycanın deyil, Türkiyənin də tələbidir, çünki bəyannamənin 11-ci bəndi də var: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistanda erməni soyqırımı”nın (qondarma – red.) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Eyni zamanda, bəyannamənin 12-ci bəndində deyilir ki, “bu Bəyannamə Ermənistan Respublikası konstitusiyasının hazırlanması, qüvvədə olan konstitusiyaya isə əlavə və dəyişikliklərin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyəti və respublikanın yeni qanunvericilik aktlarının hazırlanması üçün əsas kimi xidmət edir”.
Beləliklə, belə qənaətə gəlmək olar ki, Ermənistandan haqlı olaraq sözügedən “bəyannaməyə” istinad olmayacaq yeni konstitusiya qəbul etmək tələb edilir. Faktiki olaraq Nikol Paşinyan Ədliyyə Nazirliyindəki çıxışında bu gözləntini doğrultmağa hazır olduğunu bildirib və ya ilk addımı atıb, demək olar birbaşa şəkildə məsələnin “dəyərini” gündəmə gətirib və belə demək mümkündürsə, “diskurs”u açıb. Bu, artıq “Overton pəncərəsi” də deyil, açıq mətnlə təqdim olunan mənzərədir.
Aqil Məmmədov
Ordu.az